Nar - Həyat və sevginin ilahi simvolu
Ölkənin unikal iqlimi burada narın, demək olar ki, bütün növlərini becərməyə imkan verir. Hər il Azərbaycandakı nar bağlarından 40 min tona yaxın məhsul toplanır.

Belə fikirlər var ki, nar giləmeyvədir, amma məişətdə onu meyvə hesab edirlər.

Sputnik Azərbaycan təkcə narın necə təsnifləşdirildiyini müəyyən etməyib, həm də Azərbaycanın vizit kartı olan bu meyvə barədə xeyli maraqlı məlumat öyrənib.

Başlayaq simvollardan.
"Nar yeyin, çünki o, qəlbi paxıllıq, nifrət və kindən təmizləyir" - deyə Məhəmməd peyğəmbər öz ardıcıllarına tövsiyə edib.

Mavrlar narı İspaniyaya, təqribən, e.ə. 800-cü ildə gətiriblər.
Amerika sahillərinə nar konkistadorların gəmilərində gətirilib.

Britaniyada isə nar Kral VIII Henrinin sayəsində peyda olub.
Nar təsvirlərinə Misir piramidalarında, qədim Bizans parçaları üzərində, qədim yunan və ərəb ornamentlərində rast gəlinir.

Müsəlmanların müqəddəs kitabı "Quran"da nar ağaclarının cənnət bağlarında bitdiyindən bəhs edilir. Edem haqqında İncil əfsanəsinə görə, ilan ilk qadın Həvvanı cənnətin nar bağında yoldan çıxarıb, alma bağında deyil. Ona görə də, əsl "cənnət alması" məhz nardır.

Fen-şuy fəlsəfəsinə görə, nar möhkəm ailənin simvoludur. Əgər siz ailə üzvlərinin tamamlanmasını və doğuşun problemsiz baş tutmasını istəyirsizsə, şirəli meyvəni iki hissəyə bölün və bir hissəsini evin şimal hissəsinə qoyun.

Qədim yunan miflərinə görə, bu meyvə insana ölümsüzlük bəxş edir. Bu səbəbdən də nar Olimp allahlarının sevimli qidası olub. Əfsanələrdən birində ilk nar ağacının Kiprdə məhəbbət ilahəsi Afrodita tərəfindən əkildiyindən bəhs edilir. Yunan toylarında nikah zamanı narın bölünməsi adəti də buradan qaynaqlanır. Cütlüklərin nar dənələri kimi artıb-törəməsini, oğul-uşaq sahibi olmasını simvolizə edir. Nar şirəsi isə məhəbbət iksiri kimi tanınır. Çində də toyda gənc cütlüyə xeyir-dua verərkən şirin nar yedizdirmək adəti var. Dənələri görünən narın rəsmi isə sevimli toy hədiyyəsidir.

Azərbaycanda da narla bağlı bir ənənə var: toy mərasimi zamanı gəlin öz yarı ilə görüşərkən ona tərəf nar və ya alma atmalıdır. Azərbaycan əfsanələrində deyilir ki, nar sevgi və ehtiras simvoludur. Sevgini sözlərlə ifadə etmək nəzakətli hesab olunmurdu. Gənc oğlanlar qızlara nar meyvələrini gətirməklə öz hisslərini bildirir və sevgilərini təklif edirdilər.

Nar İsraildə nəsil artımı simvolu olan yeddi bitkidən biridir. Yeri gəlmişkən, burada ancaq boyu 6 metr olan ağacdan 60 kq-a qədər məhsul yığmaq olar. Meyvələrin özləri isə kifayət qədər iri həcmlidir.

Qədim zamanlardan Şərqdə yuxarı hissəsində olan "tac"a və unikal xüsusiyyətlərinə görə narı "kral meyvəsi" adlandırıblar. Belə bir fikir var ki, məhz nar insanlarda kralın başına qoyulan tacı bu formada düzəltmək ideyasını yaradıb.

Azərbaycan təbiəti və mədəni irsinin rəmzi olan Ceyran və Nar Bakıda keçirilən 2015 Avropa Oyunlarının rəsmi simvolları kimi təqdim edilib.

Göyçayda nar yallısı





Azərbaycanda nara şeirlər qoşur, mahnı həsr eləyir, şərəfinə simvolik bayram təşkil edir, hətta ona abidə qoyurlar.

Artıq uzun illərdir ki, qış ərəfəsində Azərbaycanın Göyçay şəhərində nar yığımına həsr olunmuş ənənəvi Nar bayramı qeyd edilir.

Maraqlıdır ki, həmin gün bu şəhərə təkcə respublikanın müxtəlif guşələrindən deyil, müxtəlif ölkələrdən də axıb gələn adamlara rast gəlmək mümkündür.

Belə qəbul edilib ki, dadına görə Göyçay narına çatan yoxdur. Bu səbəbdən Bığır kəndini, hətta Göyçaydan kənarda da tanıyırlar.



Narın 65%-i yeməlidir, onun 84%-ə qədəri isə şirədir. Nar dənəsinin lətində çoxlu mineral maddələr, amin turşuları və vitaminlər var. Əsl nar şirəsi tünd qırmızı rəngdə olur, günəş işığında isə bəzən onun bir hissəsi yarımşəffaf görünür. Butulkanın dibində mütləq çöküntü əmələ gəlir və çalxalayarkən o, şirəyə qarışır
Narın çoxlu növləri var. Məsələn, xoş şirin dadı və çəhrayı dənələri olan ağ nar. Bizim bərəkətli torpağımız sübut edir ki, nar heç də həmişə qırmızı və turş dadı olan meyvə deyil. Narın "Şəlli mələsi", "Şahnar", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" kimi növləri məşhurdur.

Meyvələri bir yeşikdə saxlayırsınızsa və əgər onlardan biri xarabdırsa, orada bir dənə də olsun sağlam meyvə qalmayacaq. Amma narın turş növlərini uzun müddət saxlamaq mümkündür.
Mütəxəssislər nardan xörək hazırlayarkən və onları paylayarkən alüminium və polad qablardan istifadə etməyi məsləhət görmürlər. Onda nar şirəsi acı dadır.

Nar meyvədİr, yoxsa gİləmeyvə?

Qarşımızda narın iki cür təsnifatı var. Birincisi, məişət-kulinariya baxımından nar meyvədir. Narın şirin dadı var və meyvənin də əsas əlaməti şirin və şirəli olmasıdır.
Azərbaycan milli mətbəxində nar dənələrindən təzə halda və müxtəlif xörəklərdə ədviyyat kimi istifadə olunur.
Narı salatlara əlavə edirlər və bərk kremlə qarışdırılaraq desert üçün dondurma şəklində təqdim edirlər.
Narı salatlara əlavə edirlər və bərk kremlə qarışdırılaraq desert üçün dondurma şəklində təqdim edirlər.
Narın uzun müddət saxlanması üçün ən uyğun meyvədir. Nar 10 və 12 ay saxlanıla bilər.
Nardan şərab hazırlanır.
Nar ağacının cavan köklərindən xüsusi qənd olan "qranadin" hazırlayırlar və ondan şərq mətbəxində şirniyyatların hazırlanmasında istifadə edilir.
İkinci təsnifat botanik təsnifatdır. Nar çiçəkdən əmələ gələn və toxumlara malik olan meyvədir. Nar bitkisinə nar ağacı, ya da nar kolu deyilir. Nar şirəli meyvədir, eyni zamanda giləmeyvələrə aid edilir. O, narkimilər fəsiləsinə aiddir.

Sputnik Azərbaycan AMEA-nın narı molekulyar səviyyədə öyrənən Genetik Ehtiyatlar İnstitutunda olub. Burada bizim son gen tədqiqatları barədə suallarımızı cavablandırıblar.

Narı birmənalı olaraq meyvə adlandırmaq olmaz. O, giləmeyvə növüdür. Giləmeyvə isə şirəli, nazik qabıqlı və çoxlu dənəsi olan bitkidir.


Sonda bir daha narın gözəlliyi və gəncliyi qoruyub saxladığını vurğulamaq istəyirik. Maqlar gündə bir və ya yarım nar yeməyi, yaxud da yarım stəkan su ilə qarışdırılmış nar şirəsi içməyi tövsiyə edirlər. Lakin bütün sehrbazlar əmindirlər ki, nar istər rəsm şəklində olsun, istərsə də bitki, evə xoşbəxtlik və hüzur gətirir.

Над проектом работали:
  • Redaktor: Səlim Səlimov
  • Tərcüməçi: Ülkər Abdullayeva
  • Foto və dizayn: Murad Orucov
  • Multimedia jurnalisti: Kamilla Əliyeva
  • Operator: Taleh Mahmudov
  • Bild-redaktor: Elvin Əhmədov